Abstract
<jats:p>Məqalədə qədim zamanlardan bəri Naxçıvan ərazisində məskunlaşmış, buranın əzəli, yerli sakinlərindən olan Kəngərli tayfasının, eləcə də onun müxtəlif qollarının izlərini öz adının daxilində qoruyub saxlayaraq günümüzədək gətirib çıxarmış yer adlarından bəhs olunur. Həmin etnooykonimlər müxtəlif tədqiqatçıların araşdırmalarına əsasən, etimoloji nöqteyi-nəzərdən təhlil edilərək kəngərlilərlə bağlılığı nəzərə çatdırılmışdır. Eyni zamanda, bu onomastik vahidlərin etimoloji tədqiqinin elmi əhəmiyyəti haqqında məlumat verilir. Azərbaycanın, eləcə də dünyanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan Muxtar Respublikasının Kəngərli və Babək rayonları ərazisində yerləşən qədim yaşayış məntəqələrinin adlarında Kəngərli tayfalarının adı ilə bağlılıqlar araşdırılmışdır. Həmçinin, bəhs olunan etnooykonimlərin tarixi əsasını kəngərlilərin hansı qollarının adından götürdüyü də diqqətə çatdırılan məsələlərdəndir. Həmin oykonimlərin tarixi qaynaqlarda əksini tapmış ilkin versiyası ilə bugünkü versiyası qarşılaşdırılmışdır. Kəngərli rayonuna aid Xıncab, Qabıllı, Yurdçu və Babək rayonuna aid Didivar və Xal-xal yaşayış məntəqələrinin adları etimoloji cəhətdən tədqiq olunmuşdur. Tədqiqat Kəngərli tayfasının adını yaşadan oykonimlərin etimoloji mənşəyini üzə çıxarmaq və onların tarixi-etnik köklərini elmi əsaslarla təsbit etmişdir. Bu cür araşdırmalar, gələcəkdə toponimika, etnogenez və tarix sahələrində aparılacaq araşdırmalar üçün zəngin mənbə rolunu oynaya bilər.</jats:p>