Abstract
<jats:p>Kiçik Qafqaz meqaantiklinoriumu mürəkkəb tektonik quruluşlu dağ qırışıqlığı olub, tərkibində Mezokaynazoyda formalaşmış bir sıra struktur-formasiya zonaları ayrılır. Kiçik Qafqazın şimal və şərq bölgələrində müxtəlif dövrlərdə aparılan axtarış, geoloji-kəşfiyyat və elmi-tədqiqat işləri nəticəsində bir sıra filiz və qeyri-filiz faydalı qazıntı yataqları, habelə perspektivli sahələr aşkar edilmişdir.Bu tədqiqatlar nəticəsində kaolin yataqları, bentonit gilləri, qumlu və çınqıllı sahələr, sement xammalı, seolit təzahürləri və digər qeyri-filiz ehtiyatları müəyyən edilmişdir. Yataqların kəmiyyət və keyfiyyətinin müəyyənləşdirilməsi üçün müxtəlif təyinatlı araşdırmalar (şırım, kern, ltokimyəvi və s.) aparılmış, uyğun laboratoriya tədqiqatları həyata keçirilmişdir. Bu tədqiqatlar qeyri-filiz mineral xammal yataqlarının perspektivliyinin ilkin qiymətləndirilməsi və P1, P2 kateqoriyaları üzrə proqnoz resurslarının müəyyənləşdirilməsi ilə ölkənin mineral xammal bazasının gücləndirilməsinə yönəlmişdir. İşin əsas tədqiqat sahəsi Kiçik Qafqazın şimal-şərq ətəklərindəki Lök-Qarabağ zonasının sinklinal çökəklərində (Qazax, Ağcakənd) və Orta Kür çökəkliyinin dağətəyi hissəsinin monoklinalındakı təbaşir yaşlı (konyak-santon, qismən kampan mərtəbəsi) kaolin yataqlarıdır. Qazax çökəkliyi bentonitlərin vulkanogen hidrotermal tip yataqları özündə yerləşdirən ən mühüm srukturdur. Bu çökəkliyin daha səciyyəvi bentonit yataqları Daş Salahlı, Göygöl, Aslanbəyli, Çardaxlı bentonit və kaolin, Qarabulaq, Kotandağ – odadavamlı gil, bentonit və odadavamlı gil yataqlarından isə Poladbulaq yatağını misal göstərmək olar. Bu yataqların bentonitlərinin əmələ gəlməsi gec təbaşir vulkanizminin andezit-bazal-riolit formasiyası ilə əlaqədardır və dərinlikdən qalxan hidrotermlərin təsiri altında vulkanogen süxurların bentonit gillərinə çevrilməsilə baş vermişdir. Bu yataqların geoloji yerləşmə şəraiti oxşardır. Onlar əsasən eyni stratiqrafik horizontda (santon) lokallaşmışlar. Mineral xammal layları yan süxurların laylanmasına uyğun yatır. Yan süxurların məhsuldar qatlarında rast gələn kəsişmələr isə ilkin mühitin fasial növayrılığı nəticəsində baş vermişdir. Kütlələr lay və ya linza şəkillidir və müxtəlif qalınlıqlı və ölçülüdür. Açar sözlər: gil, məhsuldar qat, fasial, kaolin,kəsiliş</jats:p>