Abstract
<jats:p>Çox qədim zamanlarda Şərq xalqlarının, o cümlədən türklərin atla bağlı müxtəlif milli oyunları meydana gəlmişdi. Onların arasında Azərbaycanda, eləcə də Orta Asiyada çövkən kimi tanınan və yaxın-uzaq ellərə müxtəlif adlar altında yayılan oyun xüsusi yer tutur. Min illər öncə Azərbaycanın dilbər yurdu Qarabağda sonralar ayaq səsi dünyanın çox yerlərindən gələcək Qarabağ atlarının üzərində igidlərin oynadığı bu oyun cəsurluq, çeviklik rəmzi idi. Xalqın sevə-sevə tamaşa etdiyi çövkən, eləcə də sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, çərdəkqaçırdı kimi milli atüstü oyunlarımızda ər oğullar hünər göstərər, el-obada ad-san qazanardı. Qədim zamanlardan Azərbaycanda atüstü oyunlar geniş yayılmışdı. Onlardan ən məşhuru çövkəndir. Bu oyun onu oynayan zaman işlədilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən) belə adlandırılıb.</jats:p>